Bakının Sabunçu rayonunda sevgilisini döyən kişi məhkəmə qarşısına çıxarılıb.
Abatv.az xəbər verir ki, hadisə rayon ərazisində baş verib.
Məlumata görə, Cəlilabad rayon sakini İlkin Tarverdiyev paytaxtın Sabunçu rayonunda bir qadınla tanış olub. Bir müddət sonra onların arasında münasibət yaranıb və cütlük birgə yaşamağa başlayıb.
Təxminən 6 il davam edən münasibət sonradan mübahisə ilə nəticələnib. Belə ki, İlkin sərxoş vəziyyətdə sevgilisinin yaşadığı mənzilə gəlib. Qadın ondan pul verməsini və evə bazarlıq etməsini istəyib. İlkin isə pulunun olmadığını bildirərək bu tələbi rədd edib.
Bundan sonra tərəflər arasında mübahisə yaranıb. Qadın İlkindən mənzili tərk etməsini istəyərək onu evdən çıxarıb. Buna əsəbiləşən kişi qadına şillə vurub.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılıb və İlkin Tarverdiyev saxlanılıb. Fakt üzrə cinayət işi başlanılaraq baxılması üçün məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İlkin Tarverdiyev təqsirli bilinərək 1500 manat məbləğində cərimə olunub.