Şəkidə istirahət mərkəzində baş verən və iki nəfərin ölümü ilə nəticələnən faciə ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) açıqlama yayıb.
FHN-in Mətbuat Xidmətindən bildirilib ki, hadisənin baş verdiyi ərazidə quraşdırılan “zipline” iki stasionar dirək arasında bağlanmış tros üzərində hərəkət edən əyləncə qurğusudur. Nazirliyin məlumatına görə, qurğuda təhlükəsizlik cihazı və ya sığortalayıcı tros olmayıb.
Qeyd olunub ki, bu tip qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil. Səbəb kimi “zipline”ın mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmaması göstərilib.
FHN-dən bildirilib ki, bu səbəbdən sözügedən qurğu təhlükə potensiallı obyektlərin siyahısına daxil edilmir və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil.
Digər tərəfdən, “Şəki yaylası”nda həlak olan Coşqun Məmmədov və Ucal Bayramovun hadisədən əvvəl sığorta sənədlərinə imza atdıqları bildirilib.
AzTV-nin reportajında qeyd olunub ki, onların kanat yolundan istifadə etdiyi zaman tros qırılmayıb, kanat tipli qurğunun asılqanlı diyircəyi trosdan çıxıb.
Həmçinin əyləncə məqsədilə istifadə olunan adrenalin avadanlığının icbari sığortasının olduğu və təhlükəsizlik yoxlamasından keçirildiyi bildirilib.
Hadisə ilə bağlı sübut əhəmiyyəti daşıyan bütün sənədlərin Şəki Rayon Prokurorluğuna təhvil verildiyi qeyd olunub.
Faktla bağlı araşdırma davam etdirilir.
Abatv.az