UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində keçirilən "Ararat-Armeniya" – "Şemrok Rovers" (İrlandiya) qarşılaşması zamanı erməni azarkeşlər növbəti dəfə təxribat xarakterli addım atıblar.
Abatv.az xəbər verir ki, İrəvanda baş tutan və meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatan görüş zamanı tribunada Qarabağ ermənilərinə aid əski parçası nümayiş etdirilib.
Hadisə ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) məsələni nəzarətə götürüb. Qurumun mətbuat xidmətinin rəhbəri Murad Axundov bildirib ki, baş verən hadisədən məlumatlıdırlar.
Onun sözlərinə görə, baş verən təxribatla əlaqədar UEFA-ya rəsmi şikayət ünvanlanıb.
AFFA-dan bildirilib ki, beynəlxalq futbol yarışlarında idmanın siyasi məqsədlər üçün istifadə olunması və təxribat xarakterli addımlar qəbuledilməzdir. Qurum məsələ ilə bağlı UEFA tərəfindən müvafiq araşdırmanın aparılacağını gözləyir.
Qeyd edək ki, UEFA-nın intizam qaydalarına əsasən, stadionlarda siyasi məzmunlu simvolların və təxribat xarakterli materialların nümayiş etdirilməsi qadağandır və belə hallarla bağlı intizam tədbirləri tətbiq oluna bilər.