UEFA Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Bolqarıstanın ÇSKA Sofiya klubu ilə qolsuz bərabərə qalan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra qarşılaşmanı dəyərləndirib.
Təcrübəli mütəxəssis bildirib ki, oyunun ilk dəqiqələrindən etibarən meydanda gərgin mübarizə gedib və rəqib komanda xüsusilə birə-bir epizodlarda ciddi müqavimət göstərib.
Qurbanovun sözlərinə görə, hər rəqib fərqli oyun üslubuna malikdir və "Qarabağ" da daim öz oyununu təkmilləşdirməyə çalışır:
"Biz həmişə düşündüyümüz "Qarabağ"dan daha yaxşı olmağa çalışırıq. Rəqiblərimiz bizə böyük hörmətlə və ciddi hazırlaşırlar. Məqsədimiz hər mövsüm, hər oyunda inkişaf etməkdir. Ola bilər ki, bunu bu gün tam göstərə bilməyək, amma yaxın gələcəkdə daha güclü komanda olacağımıza inanırıq."
Baş məşqçi hava şəraitinin də futbolçuların çıxışına təsir etdiyini vurğulayıb. O qeyd edib ki, isti hava hər iki komanda üçün eyni çətinlik yaradıb və oyunçuların daha çox enerji sərf etməsinə səbəb olub. Onun fikrincə, hava şəraiti daha əlverişli olsaydı, azarkeşlər daha dinamik və baxımlı qarşılaşma izləyə bilərdilər.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən "Qarabağ" – ÇSKA Sofiya qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.
Komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək. Həmin görüşün nəticəsi UEFA Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanan komandanı müəyyən edəcək.