Azərbaycan I Liqasında növbəti mövsümdən etibarən daha bir dəyişiklik baş verəcək. "Cəbrayıl" futbol klubu yeni sahiblərinə satılıb və komanda artıq fərqli ad altında fəaliyyət göstərəcək.
Məlumata görə, "Araz-Naxçıvan"ın baş məşqçisi Cavid Hüseynov və Şahin Məmmədovun həmtəsisçisi olduğu "Cəbrayıl" klubu gəncəli iş adamlarına satılıb. Tərəflər arasında razılaşmanın 400 min manat qarşılığında əldə olunduğu bildirilir.
Hüquqi prosedurlar tamamlandıqdan sonra klubun adı dəyişdirilərək "Gəncəbasar" olacaq və komanda I Liqada bu ad altında mübarizə aparacaq.
Məlumata əsasən, "Gəncəbasar"ın idarəçiliyini tanınmış futbol funksionerləri həyata keçirəcəklər. Klubun rəhbərliyində "Kəpəz"in İdarə Heyətinin sabiq sədri Namiq Qədirov, eləcə də keçmiş icraçı direktor İlqar Nadiri təmsil olunacaq.
Beləliklə, Azərbaycan futbolunda yeni mövsüm ərəfəsində klubların strukturunda daha bir mühüm dəyişiklik baş verib.