
Bakıda keçirilən güləş üzrə U17 dünya çempionatı çərçivəsində Azərbaycan Güləş Federasiyası (AGF) ilə Türkiyə, Qazaxıstan və Mərakeşin güləş federasiyaları arasında ikitərəfli əməkdaşlıq memorandumları imzalanıb.
AbaTV.az xəbər verir ki, imzalanan sənədlər federasiyalar arasında institusional əlaqələrin möhkəmləndirilməsinə, güləşin davamlı inkişafına və idman sahəsində əməkdaşlığın genişləndirilməsinə xidmət edəcək.
Memorandumlara əsasən, milli komandalar arasında birgə təlim-məşq toplanışlarının təşkili, beynəlxalq yarışlarda iştirak imkanlarının artırılması, məşqçilik, hakimlik və digər istiqamətlər üzrə bilik və təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.
Bildirilib ki, əməkdaşlıq tərəfdaş federasiyalar arasında uzunmüddətli əlaqələrin inkişafına, güləşin beynəlxalq səviyyədə təşviqinə, eləcə də Azərbaycan idmançılarının hazırlıq prosesinin təkmilləşdirilməsinə və onlar üçün yeni inkişaf imkanlarının yaradılmasına mühüm töhfə verəcək.
Azərbaycan Güləş Federasiyası beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini ölkədə güləşin inkişafı, idmançıların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi və beynəlxalq arenada uğurların davamlılığının təmin olunması baxımından əsas prioritetlərdən biri hesab edir.