Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə mətbuatında onun adından yayılan bəzi fikirlərin təhrif olunduğunu bildirib.
Abatv.az xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə məhsuldar görüş keçirilsə də, "Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunan reportajda ona aid edilən bəzi fikirlər düzgün təqdim olunmayıb.
"Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki, "Türkiye Gazetesi"nin jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust 2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi fikirlər təhrif olunmuş şəkildə təqdim edilib", – deyə Hikmət Hacıyev bildirib.
Prezidentin köməkçisi vurğulayıb ki, Azərbaycan Respublikası öz milli maraqlarını əsas tutaraq müstəqil və prinsipial xarici siyasət həyata keçirir.
"Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici siyasət yürüdür", – deyə o əlavə edib.
Hikmət Hacıyev paylaşımında yayılan bəzi sitatların onun mövqeyini düzgün əks etdirmədiyini diqqətə çatdıraraq, ictimaiyyətin yalnız rəsmi açıqlamalara istinad etməsinin vacibliyini vurğulayıb.