Ermənistandan Azərbaycana ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı ilkin razılaşma əldə olunub.
Abatv.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan sentyabrın 3-də keçirdiyi brifinq zamanı açıqlayıb.
Paşinyan bildirib ki, Ermənistandan Azərbaycana ilk ixrac əməliyyatı ilə bağlı razılaşma artıq əldə olunub. Onun sözlərinə görə, sövdələşmənin son mərhələsinin tamamlanmasından sonra bununla bağlı ətraflı məlumatı şirkətlərin özləri açıqlayacaqlar.
“İlkin razılaşmanın artıq əldə olunduğunu düşünürəm. Sövdələşmə son mərhələyədək tamamlansın, bundan sonra şirkətlər özləri bu barədə açıqlama verəcəklər. Bu, hökumətin açıqlayacağı məsələ deyil. Biz belə detallı sövdələşmələri müzakirə etmirik”, – deyə Paşinyan qeyd edib.
Ermənistan hökumətinin əsas vəzifəsinin biznes dairələri arasında əməkdaşlıq üçün siyasi şərait yaratmaq olduğunu vurğulayan baş nazir konkret qarşılıqlı iqtisadi maraqların müəyyənləşdirilməsinin şirkətlərin üzərinə düşdüyünü bildirib.
Qeyd edək ki, son dövrdə Azərbaycan və Ermənistan arasında iqtisadi və ticarət əlaqələrinin qurulması istiqamətində müzakirələr intensivləşib. Ermənistan rəsmiləri daha əvvəl də Azərbaycana məhsul ixracının yaxın zamanda başlaya biləcəyini açıqlamışdılar.