ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini bildirib.
Abatv.az xəbər verir ki, Tramp bu barədə “Axios” portalına müsahibəsində danışıb.
ABŞ lideri İranla bağlı bundan sonrakı addımlardan söz açarkən “Biz səs-küy yaratmadan hərəkət edirik” deyib.
“Axios”un məlumatına görə, ABŞ rəsmiləri Trampın təxminən bir həftə əvvəl İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların bərpasına meyilli olduğunu, lakin daha sonra onun hələlik deeskalasiya siyasətinə üstünlük verməyə inandırıldığını bildiriblər.
Tramp İranla aparılan təmasların məhdud xarakter daşıdığını qeyd edib:
“Biz onlarla yalnız qismən danışıqlar aparırıq. Sadəcə olaraq, inflyasiyanın çox yüksək olduğu və pulunun olmadığı İranı müşahidə edirik”.
ABŞ Prezidenti İran iqtisadiyyatının hazırda çox ağır vəziyyətdə olduğunu iddia edib. Onun sözlərinə görə, ölkədəki vəziyyətin pisləşməsinə təsir edən amillərdən biri də ABŞ-nin İranı dənizdən blokadaya almasıdır.
Bununla belə, Tramp Tehranla razılaşmanın əldə olunacağına əminliyini ifadə edib.
“Hər şey alınacaq. Həmişə hər şey alınır. Bu, şahmat oyunu kimidir”, – deyə ABŞ Prezidenti bildirib.