Bakı və Abşeron yarımadasının bir sıra kənd və qəsəbələrində küçə adlarının və ünvan lövhələrinin olmaması sakinlərin gündəlik həyatında ciddi çətinliklər yaradır.
Məlumata görə, Görədil, Corat, Novxanı, Şüvəlan və digər yaşayış məntəqələrində əksər küçələrdə ad və ünvan göstərici lövhələri quraşdırılmayıb. Bu isə həm sakinlərin, həm də həmin ərazilərə gələn şəxslərin ünvan tapmasını çətinləşdirir.
Sakinlər bildirirlər ki, ünvan sistemi olmadığından qonaqlar və müxtəlif xidmət əməkdaşları məkanı tapmaq üçün onlardan telefon vasitəsilə "konum" göndərmələrini xahiş edirlər.
Məsələ ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, müvafiq elektron portalda bütün küçə və prospektlərin adları qeyd olunub. Lakin küçə adlarının, ünvan göstərici lövhələrinin və bina nömrələrinin quraşdırılması həmin qurumun səlahiyyətinə aid deyil. Qeyd olunub ki, bu işlər qanunvericiliyə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Bir sıra icra hakimiyyəti orqanlarından isə bildirilib ki, ünvan lövhələrinin quraşdırılması satınalma prosedurları çərçivəsində həyata keçirilir. Hazırda aidiyyəti qurumlarla razılaşdırma işləri aparılır, lövhəsi olmayan küçələr müəyyənləşdirilərək onların mərhələli şəkildə təmin edilməsi istiqamətində tədbirlər görülür.