“Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklər Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək. Yeni qaydaların tətbiqi bu ayın ilk günündən hesablanacaq.
Abatv.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial media hesabında məlumat paylaşıb.
Deputat bildirib ki, dəyişikliklər nəticəsində müəyyən kateqoriyalara aid vətəndaşların pensiyalarına aylıq sabit əlavələr hesablanacaq. Bu yenilik onların pensiya təminatının fərdi hesablarında toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilməsini və pensiya məbləğlərinin artmasını nəzərdə tutur.
Vüqar Bayramovun sözlərinə görə, hazırda həmin kateqoriyadan olan şəxslərin pensiya məbləği pensiyaya çıxarkən kapital əsasında deyil, əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilir. Yeni mexanizm isə sığorta prinsipinin gücləndirilməsinə və fərdi hesablarda toplanan vəsaitin pensiya hesablamalarında daha geniş nəzərə alınmasına xidmət edir.
Dəyişikliklərin dövlət qulluqçularına, Müdafiə Nazirliyinin hərbi qulluqçularına və digər müəyyən kateqoriyalara aid şəxslərə şamil olunacağı bildirilir.
Deputat yeni hesablama qaydasını nümunə ilə izah edib. Belə ki, müvafiq kateqoriyaya aid vətəndaşın 100 min manat pensiya kapitalı olduğu halda, bu məbləğin 85 faizi — 85 min manat fərdi hesabda nəzərə alınacaq. Həmin məbləğ 144-ə bölündükdə aylıq pensiyanın yığım əsaslı hissəsi təxminən 590,2 manat təşkil edəcək. Daha sonra bu məbləğə qanunvericiliklə müəyyən ediləcək sabit əlavə hesablanacaq.
Beləliklə, vətəndaşın aylıq pensiyası yığım əsaslı məbləğlə sabit əlavənin cəmindən ibarət olacaq.
V.Bayramov qeyd edib ki, yeni qaydalar çərçivəsində pensiyanın və ona əlavə ediləcək vəsaitin proaktiv qaydada təyin edilməsi nəzərdə tutulur. Bu o deməkdir ki, müvafiq şəxslərin pensiya hüququ və ödəniş məbləği elektron sistemlər vasitəsilə müəyyənləşdiriləcək, bunun üçün onların ayrıca dövlət qurumuna müraciət etməsinə ehtiyac olmayacaq.
Deputatın sözlərinə görə, aylıq pensiya əlavəsinin konkret məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən müəyyənləşdiriləcək. Qanuna edilən dəyişikliklər Prezident tərəfindən təsdiqlənərsə, əlavənin məbləğini müəyyən edəcək qurumun da müvafiq fərmanla müəyyənləşdirilməsi gözlənilir.