İtaliyada fəaliyyət göstərən cinayətkar qruplaşmaların qara bazarda dövriyyəyə buraxılan müasir silahları, o cümlədən pilotsuz uçuş aparatları (PUA) üçün nəzərdə tutulmuş sursatları əldə etməyə çalışdığı bildirilir.
Abatv.az xəbər verir ki, bu barədə ANSA agentliyi Palermo şəhərinin baş prokuroru Mauritsio de Luçiyaya istinadən məlumat yayıb.
Baş prokurorun sözlərinə görə, mafiya qruplaşmaları xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda qara bazara çıxarılan silahlara maraq göstərir. Onun bildirdiyinə görə, hüquq-mühafizə orqanları PUA-lar üçün sursatların əldə edilməsinə dair əlamətlər müşahidə edir.
Mauritsio de Luçiya qeyd edib ki, bu tendensiya yalnız Palermo ilə məhdudlaşmır, İtaliyanın digər bölgələrində fəaliyyət göstərən cinayətkar şəbəkələr də yüksək texnologiyalı silah arsenalını yenidən formalaşdırmağa çalışırlar.
O əlavə edib ki, hüquq-mühafizə orqanları artıq Balkanlardan İtaliyaya gətirilmiş silah partiyasını aşkarlayıb. Baş prokurorun fikrincə, dövlət qurumları hazırda bu tip silahların yaratdığı təhlükələrə qarşı tam hazırlıqlı deyil.