
Tərtər rayonunda qardaşı arvadının evini yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub.
Abatv.az xəbər verir ki, hadisə rayonun Şıxarx kəndində baş verib.
İttihama görə, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadının ona həmin evdə yaşamağa icazə verməməsinə görə qisas almaq qərarına gəlib. O, səhər saatlarında spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və dam örtüyünə tökərək od vurub.
Yanğın nəticəsində ev sahibinə 10 min manat məbləğində maddi ziyan dəyib. Hadisədən sonra İsa Məmmədov saxlanılıb və barəsində cinayət işi başlanılıb.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həlak olub. Onun sözlərinə görə, iki il əvvəl həbsdən azad edildikdən sonra qalmağa yeri olmayıb və küçələrdə yaşayıb. O, valideynlərinə məxsus olduğunu iddia etdiyi evdə yaşamaq istəsə də, qardaşı arvadı buna razılıq verməyib. Bu səbəbdən həmin əməli törətdiyini etiraf edib.
Zərərçəkmiş qadın isə ifadəsində bildirib ki, təqsirləndirilən şəxsin həmin evdə yaşamaq hüququ olmayıb. O, həmçinin qeyd edib ki, İsa Məmmədov illər əvvəl də yaşadıqları evi yandırmışdı. Bununla yanaşı, zərərçəkmiş ona dəymiş maddi ziyanın ödənildiyini, tərəflər arasında barışıq əldə olunduğunu və təqsirləndirilən şəxsə qarşı şikayətinin qalmadığını deyib.
Məhkəmənin hökmü ilə İsa Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin təyin olunan cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.