“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Orhus”a qarşı keçiriləcək cavab oyunu öncəsi fikirlərini bölüşüb.
Baş məşqçi mətbuat konfransında hava şəraitinin qarşıdakı görüşə təsiri ilə bağlı sualı cavablandırarkən iqlim amilinin həddindən artıq qabardıldığını bildirib.
“İqlim barədə çox danışırıq. Mən düşünürəm ki, bu, şişirdilmiş faktordur. Hava şəraitinin təsir edəcəyi yeganə amil güclü küləyin olmasıdır”, – deyə Dambrauskas qeyd edib.
Litvalı mütəxəssis komandasının qol imkanlarından daha səmərəli istifadə etməli olduğunu vurğulayıb:
“Biz hər oyunda daha çox qol vurmaq istəyirik. Biz qol fürsətləri yaradırıq, lakin bəzən top tora daxil olmur. Ümid edirəm ki, sabah keçiriləcək oyunda bu qol epizodları qolla tamamlanacaq”.
Qeyd edək ki, komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşmada “Orhus” 2:1 hesabı ilə qalib gəlib.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin “Sabah” – “Orhus” cavab görüşü “Bank Respublika Arena”da keçiriləcək. Qarşılaşma avqustun 12-də saat 20:00-da başlayacaq.