Bakıda nüfuzlu “IRONMAN 70.3” triatlon yarışına start verilib.
Abatv.az xəbər verir ki, yarışda dünyanın 62 ölkəsindən 1 500-dən çox triatlonçu iştirak edir.
Azərbaycan yarışda 123 idmançı ilə təmsil olunur. İştirakçılar kişi və qadınlar arasında 13 yaş qrupunda mübarizə aparırlar. Yaş kateqoriyaları 18-24 yaşdan başlayaraq 80-84 yaşadək olan idmançıları əhatə edir.
Əsas yarışda 807 kişi və 197 qadın iştirak edir. Yarışın ən gənc iştirakçısının 18, ən yaşlı iştirakçısının isə 80 yaşı var.
Yarış proqramına estafet mübarizəsi də daxildir. Kişi, qadın və qarışıq komandalardan ibarət 47 komanda estafet yarışında iştirak edəcək. Yarışın sonunda ən fəal üç klub da mükafatlandırılacaq.
Triatlonçular ümumilikdə 113 kilometr məsafə qət edəcəklər. Yarış 1,9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21,1 kilometr qaçış mərhələlərindən ibarətdir.
“IRONMAN 70.3 Baku” yarışında kişi və qadınlar arasında ən yaxşı nəticə göstərən 25 idmançı 2027-ci ildə ABŞ-də keçiriləcək dünya çempionatında iştirak etmək hüququ qazanacaq.
Qeyd edək ki, yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşkilatçılığı ilə keçirilir.