Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın TƏBİB-in tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması ilə bağlı təşəbbüsü səhiyyə sistemində mühüm dəyişikliklərin əsasını qoyur.
Bu təşəbbüs yalnız onminlərlə tibb işçisinin maddi təminatının yaxşılaşdırılması ilə məhdudlaşmır. Eyni zamanda, səhiyyədə insan kapitalının gücləndirilməsi, tibb işçilərinin əməyinin daha yüksək qiymətləndirilməsi, peşə nüfuzunun artırılması və daha dayanıqlı səhiyyə sisteminin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Müşfiq Cəfərov bildirib ki, sosial müdafiənin gücləndirilməsi, əhalinin sağlamlığının qorunması və səhiyyə işçilərinin sosial rifahının yüksəldilməsi Azərbaycan dövlətinin daim diqqət mərkəzində olan məsələlərdəndir.
Deputatın sözlərinə görə, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü Prezident İlham Əliyev tərəfindən də müsbət qarşılanıb və onun həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
Yeni əməkhaqqı qaydaları 2026-cı il sentyabrın 1-dən tətbiq ediləcək və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində çalışan 72 212 tibb işçisini əhatə edəcək.
Müşfiq Cəfərov hesab edir ki, yeni mexanizm xüsusilə regionlarda mövcud olan kadr çatışmazlığının aradan qaldırılmasına ciddi töhfə verə bilər.
Qərarda regionlarda kadr çatışmazlığı müşahidə olunan ixtisaslar üzrə xüsusi stimullaşdırıcı əlavələrin tətbiqi, eləcə də müəyyən tibbi xidmətlər üzrə işin nəticələrinə görə hesablanan əlavə ödənişlərə 1,3 regional əmsalının tətbiqi nəzərdə tutulur.
Bu mexanizmin regionlarda çalışan tibb mütəxəssisləri üçün daha əlverişli maliyyə imkanları yaratması gözlənilir. Beləliklə, tibbi kadrların bölgələrdə fəaliyyət göstərməsinə marağın artırılması və səhiyyə xidmətlərinin ərazi üzrə daha bərabər paylanması üçün əlavə imkanlar yaranır.
Deputatın fikrincə, yaradılan yeni maliyyə və iş imkanları xaricdə fəaliyyət göstərən yüksəkixtisaslı azərbaycanlı həkimlərin də ölkəyə qayıdaraq dövlət tibb müəssisələrində çalışmasına stimul verə bilər.
Bu baxımdan, tibb işçilərinin əməkhaqlarının artırılması həm mövcud kadr potensialının qorunması, həm də yeni və yüksək ixtisaslı mütəxəssislərin Azərbaycan səhiyyəsinə cəlb edilməsi baxımından strateji əhəmiyyət daşıyır.
Yeni əməkhaqqı modelinin əsas hədəflərindən biri tibb işçilərinin əməyinin onların peşə məsuliyyətinə, iş yükünə və göstərdikləri xidmətin nəticələrinə uyğun şəkildə qiymətləndirilməsidir.
Belə bir yanaşma səhiyyə sistemində sağlam rəqabətin, peşəkar inkişafın və xidmət keyfiyyətinin yüksəldilməsinə də mühüm zəmin yarada bilər.
Abatv.az