Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsi çərçivəsində faktiki yaşayış rayonuna uyğun həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinin başlayacağını açıqlayıb.
Məlumata görə, vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən aktiv olacaq. Namizədlər şəxsi kabinetlərinə daxil olaraq uyğun vakansiyaları seçə biləcəklər.
Vakansiya seçimi prosesi 10 avqust saat 11:00-dək davam edəcək.
MÜTDA namizədlərə vakansiya seçimi zamanı diqqətli olmağı, seçimlərini tamamladıqdan sonra elektron ərizələrini mütləq təsdiqləməyi tövsiyə edib.
Qurumun məlumatına əsasən, vakant yer qazandıqdan sonra həmin yerdən imtina edən namizədlər müsabiqənin növbəti vakansiya seçimi mərhələlərində iştirak hüququnu itirəcəklər.
MİQ müsabiqəsində iştirak edən namizədlərə seçim prosesini son günə saxlamamaq və müraciətlərini vaxtında təsdiqləmək tövsiyə olunur.