Magistraturaya qəbul olunan bakalavrlar 3 avqust saat 15:00-dan 12 avqust saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər.
Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında məlumat verib.
DİM sədri bildirib ki, magistraturada boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı daha sonra Mərkəz tərəfindən elan olunacaq.
Məleykə Abbaszadənin sözlərinə görə, qəbul imtahanından sonra ADA Universiteti, Fransa-Azərbaycan Universiteti (UFAZ), Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı və digər xüsusi ali təhsil müəssisələrinin daxili prosedurları əsasında 500-dən çox bakalavr da magistratura səviyyəsinə qəbul olunub.
Əsas yerləşdirmənin nəticələrinə görə, ixtisaslaşma seçimində iştirak edən 15 min 721 bakalavrdan 13 min 845-i magistraturaya qəbul edilib. Onlardan 6 min 580 nəfər dövlət sifarişi, 52 nəfər dövlət hesabına, 7 min 213 nəfər isə ödənişli əsaslarla təhsil alacaq.
Qəbul olunanların 10 min 510-u cari ilin, 3 min 335-i isə əvvəlki illərin məzunlarıdır. Ötən illə müqayisədə ixtisaslaşma seçimində iştirak edənlərin sayı 166, magistraturaya qəbul olunanların sayı isə 399 nəfər artıb. Ödənişsiz əsaslarla təhsil almaq hüququ qazananların sayı da əvvəlki illə müqayisədə 834 nəfər çox olub.
DİM-in məlumatına görə, bu il magistratura səviyyəsi üzrə ayrılmış 17 min 658 plan yerinin 13 min 845-i dolub ki, bu da ümumi planın 78,41 faizini təşkil edir. Nəticədə 3 min 813 plan yeri vakant qalıb. Bildirilib ki, ixtisaslaşma seçimi edən bakalavrların sayı plan yerlərindən az olduğuna görə bu vəziyyət əvvəlcədən gözlənilən idi.
Qəbul 67 ixtisaslaşma proqramı üzrə aparılıb. Maşın mühəndisliyi, nəqliyyat mühəndisliyi, su bioehtiyatları və akvakultura, balıqçılıq, əczaçılıq, nəqliyyatda servis, aerokosmik mühəndislik və yanğın təhlükəsizliyi mühəndisliyi proqramlarında plan yerləri tam dolub.
Bununla yanaşı, mədən mühəndisliyi, tərcümə, kitabxanaçılıq, regionşünaslıq, hava nəqliyyatı, səhiyyə, biotexnologiya və incəsənət istiqamətlərində plan yerlərinin 50 faizdən çoxu boş qalıb.
Məleykə Abbaszadə əlavə edib ki, ali təhsil müəssisələri arasında Dövlət Gömrük Komitəsinin Akademiyası və Fövqəladə Hallar Nazirliyinin Akademiyasında magistratura üzrə bütün plan yerləri dolub. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan Texniki Universiteti və Milli Aviasiya Akademiyasında isə plan yerlərinin doluluq səviyyəsi 90 faizdən yüksək olub.