Azərbaycanda “Elektron ticarət haqqında” Qanunun əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur.
Abatv.az xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan qanun layihəsində əksini tapıb.
Təklif olunan dəyişikliklərə əsasən, elektron ticarətlə məşğul olan satıcılar alıcılara POS-terminal, elektron pul kisəsi və digər vasitələrlə həyata keçirilən nağdsız ödəniş üsulları barədə məlumatlarla tanış olmaq imkanı yaratmalıdırlar.
Layihəyə görə, elektron ticarət çərçivəsində malların, işlərin və xidmətlərin dəyərinin nağdsız ödənilməsi ödəniş xidməti təchizatçıları vasitəsilə həyata keçiriləcək. Satıcılar ödəniş üsulları barədə məlumatların həm alıcılar, həm də səlahiyyətli dövlət orqanları üçün əlçatan olmasını təmin etməlidirlər.
Dəyişikliklər çərçivəsində POS-terminal anlayışının əhatə dairəsinin genişləndirilməsi də təklif olunur. Belə ki, nağdsız və təmassız ödənişlərin aparılması, eləcə də nağd pul vəsaitinin alınması üçün nəzərdə tutulan avadanlıqlarla yanaşı, müvafiq proqram təminatı ilə təchiz edilmiş mobil cihazların da bu anlayışa daxil edilməsi nəzərdə tutulur.
Qanun layihəsinə əsasən, alıcıya sifariş verməzdən əvvəl təqdim edilən məlumatlar müqavilə bağlanana qədər elektron sənəd formasında təsdiqlənmə vasitəsilə çatdırılmalıdır.
Bununla yanaşı, elektron ticarətin hüquqi tənzimlənməsində texnoloji neytrallıq prinsipinin tətbiqi nəzərdə tutulur. Bu prinsip hər hansı texnologiyaya üstünlük verilməməsini, texnoloji həllərin tətbiqinə məhdudiyyət qoyulmamasını və müxtəlif texnologiyaların bərabər əsaslarla qəbul edilməsini ehtiva edir.
Daha bir dəyişiklik “Elektron ticarət haqqında” Qanunun yalnız Azərbaycan ərazisində həyata keçirilən elektron ticarətə tətbiqini nəzərdə tutan məhdudiyyətin ləğvi ilə bağlıdır.
Sənəddə, həmçinin qanunda istifadə olunan digər anlayışların Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş mənaları ifadə etməsi nəzərdə tutulur.
Qeyd edək ki, təklif olunan dəyişikliklər qanun layihəsində əksini tapıb. Onların qüvvəyə minməsi müvafiq qanunvericilik prosedurlarından asılıdır.