Salyan rayonunda qadın bacısı oğluna və onun həyat yoldaşına məxsus qızılları oğurlayıb.
Abatv.az xəbər verir ki, hadisə rayonun Şorsulu kəndində baş verib.
İttiham aktına əsasən, 38 yaşlı Sənubər Rəhimova (şərti ad) bacısı qızının nişanı ilə əlaqədar onların evinə gedib. Nişan hazırlıqlarına kömək etdiyi vaxt evdə heç kimin olmamasından istifadə edən qadın bacısı oğluna və onun həyat yoldaşına məxsus, ümumi dəyəri 3 500 manat olan qızıl-zinət əşyalarını götürüb.
Zərərçəkənin şikayəti əsasında Sənubər Rəhimova saxlanılıb və barəsində cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs məhkəmədə bildirib ki, həyat yoldaşı iki il əvvəl vəfat edib və azyaşlı oğlu ilə birlikdə yaşayır. O, oğurladığı qızılları nişan konfetinin kağızına bükərək evinə aparıb. Daha sonra zinət əşyalarını evinin yaxınlığında, Kür çayının bəndinin aşağı hissəsindəki daşların altında gizlədib.
Lakin qadın səhər saatlarında polis əməkdaşları tərəfindən saxlanılıb.
Sənubər Rəhimova törətdiyi əməldən peşman olduğunu bildirərək azyaşlı övladını tək böyütdüyünü qeyd edib və məhkəmədən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edib.
Zərərçəkən şəxs isə oğurlanan qızılların geri qaytarıldığını və xalasına qarşı şikayətinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Sənubər Rəhimova 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Bundan əlavə, ona elektron qolbaq taxılması, gecə saat 23:00-dan səhər 07:00-dək yaşadığı evi tərk etməməsi və 9 ay müddətində Salyan rayonunun ərazisindən çıxmaması barədə məhdudiyyətlər tətbiq olunub.