Azərbaycan futboluna uzun illər xidmət etmiş veteran futbolçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib.
Mehman Hacıyev “Kəpəz” futbol klubunun yetirməsi olub. O, Gəncə təmsilçisinin heyətində iki dəfə Azərbaycan çempionu adını qazanıb, həmçinin ölkə Kubokunun qalibi olub.
Peşəkar karyerası ərzində “Turan Tovuz” və “Qarabağ” komandalarının da formasını geyinən veteran futbolçu Azərbaycan futbolunda özünəməxsus iz qoyub.
Mehman Hacıyev futbolçu karyerasını başa vurduqdan sonra məşqçilik fəaliyyətinə də başlayıb. O, 2010–2013-cü illərdə “Kəpəz”in əvəzedicilər komandasının məşqçisi, 2013–2014-cü mövsümdə isə klubun əsas komandasının köməkçi məşqçisi vəzifəsində çalışıb.
Veteran futbolçunun ölüm səbəbi ilə bağlı hələlik məlumat verilməyib.
Abatv.az kollektivi Mehman Hacıyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, yaxınlarına və futbol ictimaiyyətinə dərin hüznlə başsağlığı verir.